Sayta baxırlar

Sayta baxırlar:
1 qonaq

Mezunlar

Vakansiya

Bizim Təhsil Kompleksi 24 saat mühafizə olunan qapalı sahədə yerləşir.
Kompleksin ərazisinə müasir təlabata tam uyğun olan idman zalı, stadion, tennis meydançası, hovuz və yeməkxana da daxildir.Bizim uşaq bağçamızın astanasından içəri daxil olanda, özünüzü övladınızın dolğun və maraqlı həyat keçirməsi üçün yüksək zövqlə yaradılmış parlaq və təkrarolunmaz uşaq dünyasında hiss edəcəksiniz.
Oyun formasında keçirilən dərs-məşğələlər təlimi daha şən və maraqlı edir, həmçinin uşaqları lap kiçik yaşlarından məktəbə, təhsilə alışdırır. Tədrisin əsas forması müasir metodlardan və didaktik oyunlardan тəşkil olunmuş inkişafetdirici məşğələlərdir.
Burada uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq və loqopedlər də məşğul olurlar. Onların sağlamlığına həkim nəzarət edir. Məktəb yaşına çatmamış uşaqların kompleksdə təhsil alması, məktəbə gələrkən tanış olan doğma və rahat mühitdən ayrılmadığından, onlarda “1-ci sinif stresi”ni nəzərə çarpacaq dərəcədə azaldır. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”.
Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı mütəxəssislərdən: professorlardan, dosentlərdən, təhsil sahəsində müxtəlif beynəlxalq proqramların iştirakçısı olan ən yaxşı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.
Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. MTK-da uşaqların təhsilindən başqa, onların əlavə maarifləndirici xidmətlərdən istifadəsi üçün də geniş imkanlar vardır.
Günün ikinci yarısında uşaqlar musiqi məktəbindəki məşğələlərə gedir, müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə və s.) tanışlıq ekskursiyaları təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanır, məktəbimizə-şagirdlərlə görüşə artist və musiqiçilər dəvət olunurlar. İldə 2 dəfə Böyük Britaniyada, Almaniyada, Fransada qış və yay dil kursları təşkil olunur.
Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Yəqin, buna görədir ki, yerli və beynəlxalq olimpiadalarda qazanılmış medalların sayına görə məktəbimiz ön sıralarda dayanır.
Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim Kompleksə yeni-yeni məktəblilər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.