15 Sentyabr - Bilik Günü: “Növbəti nəsil: Süni intellekt və İnnovasiya”

MTK Hero Background

15 Sentyabr - Bilik Günü Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı xüsusi tədbirlə qeyd olundu.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi gəncləri süni intellektin biznes və gündəlik həyata təsiri, innovativ texnologiyaların imkanları və rəqəmsal həllərin real tətbiqi ilə tanış etmək olub.

Tədbir çərçivəsində Bakcell və Müasir Təhsil Kompleksinin rəhbər heyətinin iştirakı ilə panel müzakirəsi təşkil edilib. Paneldə Bakcellin baş icraçı direktoru Klaus Müller, Müasir Təhsil Kompleksinin baş icraçı direktoru Tural Abbasov, məktəb direktoru Nelson Urrego, İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor Aysel Süleymanova və marketinq direktoru Elxan Sadıqzadə süni intellektin müxtəlif sahələrdə istifadəsi və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbirin davamında Mirismayıl Ağalarov tərəfindən keçirilən “Prompt mühəndisliyi” sessiyasında şagirdlər süni intellekt sahəsində mövcud trendlərlə tanış olub, ChatGPT, Gemini və Hailuo platformaları üzərindən mətn, şəkil və video yaradılması üzrə praktiki bacarıqlar əldə ediblər. Sessiya iştirakçılara öz ideyalarını vizuallaşdırmaq və real təcrübə qazanmaq imkanı yaradıb.

Rəqəmsal sahədə innovativ yanaşmaları ilə seçilən Bakcell şirkətinə əməkdaşlığa görə təşəkkürümüzü bildirir, şagirdlərimiz üçün bilik və praktiki bacarıqları birləşdirən innovativ layihələrin həyata keçirilməsini davam etdiririk.

Qeydiyyat