
Sizi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagird kollektivi adından salamlayırıq. Bizə güvəndiyiniz və övladınızın təhsil yolunu MTK ilə birgə qurmağı seçdiyiniz üçün təşəkkür edirik.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi məktəbəqədər təhsildən tam orta təhsilə qədər ardıcıl və inteqrə olunmuş təhsil modeli təqdim edən müasir təhsil ekosistemidir. MTK üçün təhsil yalnız bilik ötürülməsi deyil, şəxsiyyətin formalaşması, dəyərlərin aşılanması və müstəqil düşünən fərdlərin yetişdirilməsidir. Biz Azərbaycan kontekstində məsuliyyətli, hörmətcil, bacarıqlı, çevik və refleksiv düşünən, eyni zamanda ümumbəşəri dəyərləri mənimsəyən öyrənənlər yetişdirməyi əsas məqsəd kimi qarşıya qoyuruq.
Kompleks 2001-ci il sentyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Bu gün MTK həmin etimadın davamı olaraq, milli irsə sadiq qalmaqla yanaşı, beynəlxalq təhsil yanaşmalarını tətbiq edən və daim yenilənən bir məktəb icması kimi fəaliyyət göstərir. Məqsədimiz şagirdləri balanslaşdırılmış həyat tərzinə, uğurlu karyeraya və məsuliyyətli vətəndaş mövqeyinə hazırlamaqdır.
MTK-da təhsil prosesi təhlükəsiz və dəstəkləyici mühitdə həyata keçirilir. Burada şagirdlərin akademik və intellektual inkişafı ilə yanaşı, rəqəmsal savadlılığı, əməkdaşlıq bacarıqları, fiziki sağlamlığı, sosial və emosional rifahı sistemli şəkildə inkişaf etdirilir. Biz inanırıq ki, şagird özünü dəyərli, güvənli və qəbul olunmuş hiss etdikdə öyrənmə daha mənalı və davamlı olur.
Kompleksimiz beynəlxalq təhsil icmasının fəal üzvüdür və CIS – Council of International Schools təşkilatına üzvlüyü ilə qlobal keyfiyyət standartlarına sadiqliyini təsdiqləyir. Bu yanaşma MTK-da idarəetmədən tədrisə, şagird rifahından valideynlə əməkdaşlığa qədər bütün proseslərdə öz əksini tapır.
Biz şagirdlərimizi sürətlə dəyişən və qloballaşan dünyada yaşamaq, oxumaq və işləmək üçün zəruri olan akademik biliklər, ünsiyyət, tolerantlıq və sosial məsuliyyət bacarıqları ilə təmin edirik. Onlar öz fikirlərini yalnız ana dilində deyil, eyni zamanda xarici dillərdə də sərbəst ifadə etməyi, fərqli mədəniyyətlərə hörmətlə yanaşmağı və beynəlxalq mühitdə özlərini inamla təqdim etməyi öyrənirlər.
MTK ailəsində hər bir şagird ayrıca dəyər daşıyır. Təlim qruplarının nisbətən kiçik saxlanılması, fərdi yanaşma və peşəkar pedaqoji heyət hər bir uşağın ehtiyacına uyğun inkişaf imkanları yaradır. Biz çalışırıq ki, MTK-ya qoşulan hər bir şagird bu mühitdə öz yerini tapsın, məktəbə mənsubluq hissini yaşasın və gələcək həyatına inamla addımlasın.
Çünki bizim üçün məqsəd yalnız məzun yetişdirmək deyil. Məqsədimiz - milli köklərinə bağlı, beynəlxalq düşüncəyə açıq, dəyərləri ilə fərqlənən bir nəsli formalaşdırmaqdır.