Kompleksimizdə 27 Sentyabr - Anım Günü bütün yaş qruplarını əhatə edən xüsusi fəaliyyətlərlə qeyd olundu.
Kompleksimizin orta və yuxarı məktəb şagirdləri Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək üçün bir araya toplandılar. Tədbir zamanı bu günün tarixi və mənəvi əhəmiyyəti vurğulandı, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın şərəfli döyüş yolu və xalqımızın mübarizə iradəsi haqqında geniş məlumat verildi. Torpaqlarımızın azadlığı və bütövlüyü naminə canlarını qurban verən Vətən övladlarının xatirəsi dərin hörmətlə anıldı, Şəhidlərimizə Allahdan rəhmət diləndi.
Kompleksimizin ibtidai bölmə şagirdləri üçün Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Bu dərslərdə şagirdlərimiz qəhrəmanlarımızın şücaəti, xalqımızın birliyi və azadlıq uğrunda yazılan şanlı tarix barədə yaş səviyyələrinə uyğun şəkildə məlumatlandırıldılar. Bu fəaliyyətlər balaca şagirdlərimizin qəlbində milli qürur, Vətən sevgisi və şəhidlərimizə sonsuz ehtiram hisslərini daha da gücləndirdi.
Məktəbəqədər bölməmizdə isə Anım Günü həm maarifləndirici, həm də yaradıcı fəaliyyətlərlə qeyd olundu. Dərs zamanı Anım Gününün əhəmiyyəti balaca şagirdlərimizə sadə və anlaşılan şəkildə izah edildi. Daha sonra onlar yaradıcılıqlarını nümayiş etdirərək müxtəlif materiallardan istifadə etməklə Azərbaycan Dövlət Bayrağını və Qarabağın rəmzi sayılan xarıbülbülü hazırladılar. Bu cür fəaliyyətlər uşaqlarda Vətən və torpaq sevgisinin formalaşmasına, milli kimlik şüurunun inkişafına mühüm töhfə verir.
Kompleksimizdə keçirilən bütün bu fəaliyyətlər bir daha göstərdi ki, Şəhidlərimizin xatirəsi daim qəlblərimizdə yaşayır və gələcək nəsillərə ötürülən ən ali dəyərlərimizdən biridir.