16 may 2026-cı il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycanda ilk dəfə olaraq keçirilən bu konfrans süni intellektin təhsildə tətbiqi, AI savadlılığının inkişafı və gələcək yönümlü təhsil yanaşmalarının müzakirəsinə həsr olunmuşdur.
Konfrans çərçivəsində dövlət qurumlarının nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, ali təhsil müəssisələri, innovasiya mərkəzləri və texnologiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq ekspertlər bir araya gəldi. Tədbirin əsas məqsədi süni intellektin təhsil ekosistemində praktik tətbiq imkanlarını müzakirə etmək, süni intellekt savadlılığını təşviq etmək və müxtəlif sektorlar arasında əməkdaşlıq platforması yaratmaq idi.
Tədbirin proqramına keynote çıxışlar, panel müzakirələri, vörkşop sessiyaları və ekspo hissəsi daxil idi. Panel sessiyalarında təhsil sisteminin rəqəmsal transformasiyası, AI strategiyalarının tətbiqi, gələcəyin məktəbləri, kibertəhlükəsizlik və innovativ təhsil modelləri kimi mövzular müzakirə olundu.
Konfransın keynote sessiyası “Future-Ready Schools in the AI Era” mövzusuna həsr olundu. Sessiya çərçivəsində təhsildə AI savadlılığı, məktəblərin AI dövrünə uyğun transformasiyası, müəllimlərin dəyişən rolu və gələcək yönümlü öyrənmə yanaşmaları ilə bağlı beynəlxalq təcrübələr təqdim edildi.
Konfransda iştirak edən spikerlər arasında Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, PASHA Holdinq, ASAN AI Hub, ADA Universiteti, Qarabağ Universiteti, Avropa Azərbaycan Məktəbi və digər nüfuzlu qurumların nümayəndələri yer aldı.
Tədbir çərçivəsində təşkil olunan vörkşop sessiyalarında iştirakçılar AI alətlərinin təhsildə praktik tətbiqi, Project-Based Learning (PBL), AI etikası, kurikulum inkişafı, qiymətləndirmə və gələcəyin bacarıqları istiqamətində praktik təcrübə əldə etdilər.
Eyni zamanda, ekspo zona çərçivəsində innovasiya mərkəzləri, AI və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları öz layihə və həllərini təqdim etdilər. Bu zona iştirakçılar üçün yeni əməkdaşlıq imkanları və peşəkar əlaqələrin qurulması baxımından mühüm platformaya çevrildi.
Konfransın Baş Sponsoru ölkənin aparıcı holdinqlərindən biri olan PASHA Holding, tədbirin sponsoru ölkənin aparıcı tikinti şirkətlərindən biri olan Kristal olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi” Konfransın təşkilati dəstəyini həyata keçirirdi.
“Day of AI” Konfransı Azərbaycanda AI savadlılığının inkişafı, təhsil və texnologiya sahələrinin inteqrasiyası, eləcə də gələcək yönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.