Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Azərbaycan Dili Forumu

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Azərbaycan Dili Forumu keçirildi. Forum ana dilimizin milli kimliyimizdəki rolunu vurğulamaq və dilimizin qorunmasının vacibliyini diqqətə çatdırmaq məqsədi daşıyırdı.

Forumun giriş hissəsi üçün nəzərdə tutulmuş sərgidə şagirdlər görkəmli şəxsləri canlandırıraraq, onların ana dilimizin qorunması və təbliği uğrunda apardıqları mübarizə haqqında çıxış etdilər.

Tədbirdə müxtəlif sahələri təmsil edən qonaqlar iştirak etdilər. Çıxış edənlər arasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, filologiya elmləri doktoru, professor, Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva, elmlər doktoru, professor Çingiz Abdullayev, şair Ramiz Qusarçay, Kompleksimizin məzun valideyni Rüstəm Məmmədov, elmlər doktoru, professor Nağdəli Zamanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salman yer aldılar.

Forum çərçivəsində keçirilən panel müzakirəsi xüsusi maraq doğurdu. Paneldə qonaqlar qloballaşma, sosial media və süni intellekt dövründə ana dilimizin qorunması mövzusuna toxundular. Dilin gündəlik istifadəsində xarici sözlərin artması, rəqəmsal platformalarda yazı mədəniyyətinin dəyişməsi və gənclərin dil vərdişləri ilə bağlı məsələlər müzakirə edildi.

Forum çərçivəsində keçirilən “Dilim varsa, mən də varam” esse müsabiqəsinin qalibləri də tədbirin sonunda mükafatlandırıldı. Bu görüş ana dilimizə münasibətimizi bir daha düşünmək üçün mühüm fürsət oldu.

Qeydiyyat