Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yeni tədris ilinin başlanması münasibətilə “Məktəbə qayıdış” tədbiri keçirilib. Bu il yeni tədris ilinin başlanğıcı Kompleksin fəaliyyətinin 25 illik yubileyi ilə əlamətdar olub.
Tədbir Kompleksin Baş İcraçı Direktoru Tural Abbasovun və Məktəb Direktoru Hilola Davlyatovanın çıxışları ilə başlayıb. Onlar şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, qarşıdakı il üçün uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialının açılışı da elan edilib. Yeni filialın fəaliyyətə başlaması Kompleksin 25 illik təhsil yolunda növbəti mərhələ kimi məktəb icması ilə bölüşülüb.
Proqram musiqi və rəqs çıxışları, müəllimlərin təqdimatları və ənənəvi ilk zəng mərasimi ilə davam edib. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər yeni tədris ilinin ilk gününü birlikdə qeyd ediblər.
Günün xüsusi məqamlarından biri valideynlərin övladlarının gələcəyi ilə bağlı arzularını yazması olub. Yazılan arzular bunun üçün hazırlanmış xüsusi qutulara yerləşdirilib.
25 illik təcrübə ilə yeni tədris ilinə başlayan Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərin akademik bilikləri ilə yanaşı, fərdi inkişafına və gələcəyə hazırlığına yönəlmiş təhsil mühitini davam etdirir.