Sentyabrın 15-də Xankəndi şəhərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni filialının rəsmi açılış mərasimi keçirildi. Bununla da Kompleksin 25 illik təhsil təcrübəsi və dəyərləri Xankəndidə yeni mərhələyə qədəm qoydu.
Açılış mərasimi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Baş İcraçı Direktoru Tural Abbasovun çıxışı ilə başladı. O, Kompleksin Xankəndidə fəaliyyətə başlamasının xüsusi əhəmiyyət daşıdığını bildirdi. Tural Abbasov yeni filialın yaradılmasının kollektiv üçün qürur olmaqla yanaşı, mühüm məsuliyyət olduğunu da qeyd etdi.
Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Əməkdar müəllim, Amonaşvili Hümanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov və digər rəsmi nümayəndələr iştirak etdilər.
Rəsmi qonaqlar çıxışlarında Kompleksin kollektivini yeni filialın açılışı münasibətilə təbrik etdilər. Qarabağda təhsil imkanlarının genişləndirilməsinin, müasir və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulandı.
Tədbir “Xarıbülbül” rəqsi və musiqili çıxışlarla davam etdi. Proqram milli-mədəni dəyərləri əks etdirən təqdimatlarla açılış gününə xüsusi məna qatdı.
Daha sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialının direktoru Atabəy Quliyev çıxış etdi. O, filialın qarşıdakı dövr üçün hədəflərindən danışdı. Bildirildi ki, məktəbin əsas məqsədlərindən biri şagirdlər üçün müasir, inkişafyönümlü və keyfiyyətli təhsil mühiti yaratmaqdır.
Mərasim çərçivəsində açılış lenti kəsildi və məktəb rəsmi olaraq fəaliyyətə başladı. Qonaqlar üçün filial üzrə ekskursiya təşkil olundu. Onlar məktəbin tədris məkanları və şagirdlər üçün yaradılan imkanlarla yaxından tanış oldular.
İlk zəngin səsləndirilməsi ilə Xankəndi filialında ilk tədris ilinin başlanğıcı qeyd edildi. Bu zəng həm də Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 25 illik təhsil ənənəsinin Xankəndidə davamının rəmzi oldu.
Yeni filialda Kompleksin illər ərzində formalaşdırdığı təhsil yanaşması və dəyərləri davam etdiriləcək. Məqsəd şagirdlərin akademik inkişafı ilə yanaşı, onların şəxsiyyət kimi formalaşmasını və gələcəyə hazır yetişməsini dəstəkləyən təhsil mühiti yaratmaqdır.
Xankəndi filialının açılışı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 25 illik təhsil yolunda yeni səhifə açılır.