Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Orta və Yuxarı sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirildi.
Tədbir zamanı şagirdlərə Xocalı faciəsinin tarixi, başvermə səbəbləri və xalqımız üçün ağır nəticələri haqqında ətraflı məlumat verildi. Çıxışlar zamanı 1992-ci il fevralın 26-da baş verən hadisələrin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığı vurğulandı, şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla anıldığı qeyd edildi.
Anım proqramı çərçivəsində faciəyə həsr olunmuş sənədli videoçarx nümayiş etdirildi. Videoçarx şagirdlərdə dərin təəssürat yaratdı, onları tariximizi daha dərindən öyrənməyə və milli dəyərlərimizi qorumağa bir daha sövq etdi.
Tədbirin əsas məqsədi şagirdlərdə tarixi yaddaşın formalaşdırılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və milli kimliyimizin qorunmasının vacibliyinin aşılanması idi. Gənc nəslin tariximizi bilməsi və gələcəyə daha məsuliyyətlə yanaşması ən önəmli dəyərlərimizdəndir.
Xocalı qurbanlarının əziz xatirəsi dərin ehtiram hissi ilə yad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.