Zəfər Gününə həsr olunmuş “5 yaşlı Zəfər” tamaşası

MTK Hero Background

8 Noyabr - Zəfər Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində silsilə tədbirlər keçirildi. Bu tədbirlər bir daha göstərdi ki, Zəfər ruhu MTK icmasının hər üzvünün qəlbində yaşayır və nəsildən-nəslə ötürülür.

Zəfər Günü çərçivəsində siniflərdə “Şuşa, sən azadsan!” filminin nümayişi təşkil olundu. Şagirdlər film vasitəsilə qəhrəmanlarımızın rəşadətli mübarizəsini, qələbəmizin dəyərini və azadlığın əsl mənasını daha dərindən dərk etdilər. Bu anlar onlarda həm qürur, həm minnətdarlıq, həm də Vətən sevgisini gücləndirdi. Film bir daha xatırlatdı ki, qazandığımız Zəfər yalnız hərbi uğur deyil, xalqımızın birlik və iradəsinin rəmzidir.

Zəfər Gününün 5 illiyinə həsr olunmuş “5 yaşlı Zəfər” adlı tamaşa Kompleksimizdə xüsusi maraqla qarşılandı. Tamaşa Zəfər Günündə dünyaya gəlmiş balaca Zəfərin anası ilə dialoqları üzərində qurularaq, müzəffər ordumuzun şanlı qələbəsini, şəhidlərimizin əziz xatirəsini, azadlığın dəyərini və Vətən sevgisini tamaşaçıların qəlbində yenidən canlandırdı. Tədbir xoreoqraf Turan Abdullayevanın bədii rəhbərliyi ilə səhnələşdirilən rəqslə başladı, ardınca Pərviz Seyidlinin ssenari müəllifliyi və quruluşçu rejissorluğu ilə hazırlanan tamaşa nümayiş etdirildi. Şagirdlər, müəllimlər və valideynlər bu mənalı tədbirin fəal iştirakçıları oldular.

Tədbirin sonunda Kompleksimizin Baş İcraçı Direktoru Tural Abbasov çıxış edərək hər kəsi Zəfər Günü münasibətilə təbrik etdi, qazilərə, valideynlərə, çıxış edən şagirdlərə və bütün kollektivə təşəkkürünü bildirdi.

Zəfər Günü münasibətilə Kompleksimizin rəhbərliyi, müəllim və şagird heyəti Hərbi Memorial Məzarlığı da ziyarət etdilər. Onlar Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər, məzarları önünə qərənfil dəstələri düzdülər.

Eyni zamanda məktəbəqədər bölməmizin balaca şagirdləri Zəfər Gününü xüsusi tədbirlə qeyd etdilər. Onların səhnədə canlandırdığı səhnəciklər, ifa etdikləri şeirlər və mahnılar Zəfər sevincini, birlik və qürur hissini ən səmimi şəkildə əks etdirdi. Bu çıxışlar bir daha sübut etdi ki, Zəfər ruhu artıq ən kiçik qəlblərdə də yaşayır və gələcəyimizin möhkəm təməlini formalaşdırır.

Zəfər Günü bizim üçün yalnız bir tarix deyil - azadlığımızın, birliyimizin və milli ruhumuzun simvoludur.
Zəfər Günümüz mübarək! 

Qeydiyyat